Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası

ƏSASNAMƏ

 Naxçıvan Muxtar Respublikası Futbol

Çempionatı, Kubok, Turnir və birincilik

yarışlarının 2017 – 2018 – ci il üçün

 Ə S A S N A M Ə S İ

 

 Naxçıvan şəhəri 2017.

I.Məqsəd və vəzifələr

1.1. Naxçıvan MR Çempionatı, Kubok, Turnir və digər yaş qrupları üzrə keçirilən yarışlar aşağıdakı məqsədlər üçün keçirilir.

1.2. Çempionat, Kubok və Turnir yarışlarının qalibini müəyyən etmək;

1.3. Yarışların yekununda komandaların tutduqları yerləri müəyyən etmək;

1.4. Aşağı yaş qruplarnda ( liqalarda ) komandaların qaliblərini müəyyən etmək;

1.5. həmin yarışların qaliblərini Azərbaycan birinciliyi yarışlarının final mərhələsində iştirakını təmin etmək;

1.6. Futbolçuların ustalıq səviyyəsini yüksəltmək;

1.7. Muxtar Respublika yığma komandalarının heyyətini müəyyənləşdirmək;

II.Yarışlara rəhbərlik

2.1. Yarışlara ümumi rəhbərlik Naxçıvan MR Futbol Federasiyası,  Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

III.Yarışın yeri və keçirilmə tarixi

3.1. Yarışların keçirilmə yeri və tarixi Naxçıvan MR Gənclər və İdman, Naxçıvan MR Təhsil Nazirlikləri ilə razılaşdırılmış və Naxçıvan MR Futbol Federasiyası tərəfindən tərtib və təsdiq olunmuş təqvim planı əsasında həyata keçirilir.

IV.Yarışların keçirilmə şərtləri

4.1. Naxçıvan MR Çempionat, Kubok və Turnir yarışlarında iştirak etməyə 9 komanda buraxılır. Çempionat oyunlarında yarış iki dövrədən ibarətdir və dairəvi sistemlə keçirilir. Komandalar təqvimə əsasən öz və rəqib meydanında qarşılaşırlar.

4.2. Kubok və turnir oyunlarında komandalar püşkün nəticəsinə görə müəyyənləşdirilir və bir oyunun nəticəsinə görə müəyyən edilir. Əgər oyunun əsas vaxtı qalibi müəyyən etmirsə o , zaman hər biri 15 dəqiqədən ibarət 2 hissə əlavə edilir. Əgər əlavə vaxtda qalibi müəyyən etmirsə o zaman FİFA – nın əsasnaməsinə uyğun olaraq 11 metrlik zərbələr seriyası qalibi müəyyən edənədək davam etdirilir.

4.3. Yarışlar FİFA – nın təsdiq etdiyi “ Oyun qaydaları “ əsasında keçirilir.

4.4.  Digər yaş qrupları “ Liqalar “ arasında keçirilən yarışların tarixi AFFA – nın təqvim planına uyğun olaraq keçirilir və əlavə olaraq əsasnamə hazırlanır.

4.5. Çempionat , Kubok və Turnir oyunlarında 5 oyunçu əvəz olunmasına icazə verilir.

4.6. Çempionat, Kubok, Turnir oyunlarında hər bir komandanın heyyətində 16 – 17 yaşlı iki futbolçunun oynaması məcburidir. Onlara oyun zamanı həmin yaşda olan futbolçular əvəz edə bilərlər.Əgər komandanın həmin yaşda olan futbolçusu yoxdursa o zaman komanda oyunu azlıqda davam etdirməlidir və yaxud daha gənc futbolçu ilə heyyəti tamamlaya bilər. Bu halda həkimdən arayış təqdim olunmalıdır.  

4.7. Oyuna gəlməyən komandaya 0 : 3 hesabı ilə məğlubiyyət verilir və cəza sanksiyası tətbiq edilir. İkinci oyuna gəlməyən komanda yarışlardan kənarlaşırılır. Bu vəziyyətdə komanda birincilik oyunlarının 50% oynamışdırsa o zaman oyunların nəticəsi saxlanılır və qalan oyunlarda 0 : 3 hesabı ilə rəqibə qələbə verilir. Komandanın növbəti mövsümdə, yarışlarda iştirakını NFF həll edir.

4.8.Cəzalandırılmış futbolçu oyunda iştirak edərsə, həmin oyunun nəticəsi ləğv edilir və rəqib komandaya 0 : 3 hesabı ilə qələbə verilir. Bu sifariş vərəqində və yaxud oyun protokolunda qeydə alınmayan futbolçularada şamil edilir.

4.9.Çempionat, Kubok və Turnir oyunlarında hər iki komandanın idman geyimi eyni olarsa o, zaman üstünlük qonaq komandaya verilir.

4.10. Sifariş vərəqində qeydiyyata alınmış futbolçu çempionat, kubok və turnir oyunlarında eyni nömrə altında çıxış etməlidir. Futbol formasında nömrənin hündürlüyü 25 sm, zolağın eni isə 3 sm olmalıdır.

4.11. Çempionat, Kubok  və Turnir oyunlarında futbolçulara qarşı antidopinq və anobalit nəzarət tətbiq oluna bilər.

V.İştirakçılar və qeydə alınma

5.1. Sifariş vərəqinə 20 ( iyirmi ) futbolçu, 2 ( iki ) məşqçı və 1 ( bir ) nəfər komandanın rəisi daxil edilir.

5.2. Sifariş vərəqinə sonradan əlavə edilən futbolçuların sayı 15 – dən çox olmamalıdır. Əlavə qeydə alınma və bir komandadan digərinə keçid 4 turdan sonra həyata keçirilir. Çempionatın sonuna 4 tur qalmış futbolçuların qeydə alınması və keçid həyata keçirilmir.

5.3. AFFA – nın bayrağı altında keçirilən ( Premyer Liqa, birinci dəstə, əvəzedicilər, həvəskar klublar ) yarışlarda qeydiyyata alınmış futbolçuların eyni zamanda muxtar respublika birinciliklərində iştirakı qəti qadağandır.

5.4. Adlı sifariş vərəqi şəhər ( rayon ) icra hakimiyyətləri, klub rəhbərliyi, Gənclər İdman idarəsi və həkim tərəfindən möhürlə təsdiq edilir. Sifariş vərəqi ilə birlikdə;

  • Komandanın idman formasında 2 ( iki ) ədəd foto şəkili ( 18x24 )
  • İştirakçının 2 ( iki ) ədəd 3x4 sm ölçüdə fotoşəkili
  • İştirakçının şəxsiyyətini təsdiq edən sənəd
  • Üzvülük haqqının ödənilməsi haqqında sənəd
  • Yarış iştirakçılarının, tamaşaçılarının təhlükəsizliyinin təmin edilməsi haqqında müvafiq səlahiyyətli dövlət təşkilatlarının şərtsiz zəmanət məktubu

5.5. Üzvülük və digər ödəniş haqqları; “ Kapital bank “ Naxçıvan MR Baş İdarəsi: - Naxçıvan MR Futbol Federasiyası Hesab: № 1175330800. VOEN № 020015603

5.6. Yarışlarda iştirak edən komandalar 30 avqust 2016 – cı il tarixinədək NFF – na məlumat verməlidir.

5.7. NFF tərəfindən qeydə alınmış şəxslərə iştirakçı bileti verilir və onlar MR ərazisində keçirilən futbol tədbirlərinə pulsuz daxil ola bilərlər.

5.8. Digər yaş qruplarının yarışları haqqında əlavə məlumat veriləcəkdir.

VI.Qalibləri müəyyənləşdirmək

6.1. Naxçıvan MR birinciliklərində komandaların tutduğu yerlər bütün görüşlərdə yığılmış xalların cəminin çoxluğuna görə müəyyən edilir. Uduş üçün 3 ( üç ) xal, heç – heçə 1 ( bir ) xal, məğlubiyyətə görə isə 0 ( sıfır ) xal verilir.

6.2. İki və daha çox komanda eyni miqdarda xal topladıqda qalibi müəyyən etmək üçün daha çox qələbəsi olan komandaya üstünlük verilir.

 

Əgər bu göstəricilər də eyni olarsa o, zaman;

a)   Onların arasında keçirilən oyunların nəticəsi;

b)   Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi;

c)   Daha çox top vurulmasına görə;

d)   Rəqib meydançasında daha çox top vurulmasına görə;

e)   Ən az qayda pozuntusuna görə ( xəbərdarlıq 1 bal, kənarlaşdırma 3)

7.3. Çempionatında axırıncı yeri tutmuş komanda birinciliyi tərk edir və onun yerini NFF – nın təyin etdiyi komanda tutur.

VII.Mükafatlandırma

7.1. Naxçıvan MR çempionatında və ayrı – ayrı yaş qrupları arasında keçirilən birinciliklərdə birinci yeri tutan komandaya futbol üzrə “ Naxçıvan MR çempionu “ adı verilir və komandaya keçici priz təqdim olunur. Komandanın oyunçuları, məşqçi və rəisi Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birinci dərəcəli diplomları, xatirə hədiyyəsi ( medal ) və qiymətli hədiyyə ilə qiymətləndirilir.

7.2. Birincilikdə ikinci və üçüncü yerləri tutmuş komandalar, futbolçular, məşqçi və rəislər müvafiq olaraq ikinci və üçüncü dərəcəli diplomlarla mükafatlandırılır.

7.3. Naxçıvan MR Kubokunun qalibi NFF – nın keçici kuboku və birinci dərəcəli  diplomları ilə mükafatlandırılır.

 qalibi keçici kubok və birinci dərəcəli diplomları ilə mükafatlandırılır.

7.4. Mövsümün ən yaxşı oyunçuları qiymətli hədiyyələrlə mükafatlandırılır.

VIII.Hakimlər və inspeksiya

8.1. Birincilik, Kubok və Turnir yarışlarının idarə olunması, hakimlər kollegiyasının tövsiyyə etdiyi və NFF – nın sədri tərəfindən təsdiq olunmuş hakimlər həyata keçirir.

8.2. Oyunlar FİFA – nın “ Oyun qaydalar “ na uyğun olaraq keçirilir. Baş hakim protokola yazılmış oyunçuların sənədlərini yoxlamalı və komanda rəhbərliyi ilə birlikdə futbolçuların oyuna buraxılış qaydalarının yerinə yetirilməsinə cavabdehlik daşıyır.

8.3. Yarışlara NFF – nın təyin etdiyi hakim – inspektorlar göndərilir.

8.4. Oyuna təyin olunmuş hakimlərin və inspektorların dəyişdirilməsi xahişi qəbul edilmir.

8.5. Oyunun başlanmasına qədər ( 2 saatdan gec olmayaraq ) oyunun inspektoru və hakimlər stadiona gəlib, meydançanın oyuna hazırlığını yoxlamalıdır. Stadionun soyunub – geyinmə otaqlarını baxışdan keçirir, futbol meydançasının oyuna yararlılığını və keyfiyyətini qiymətlədirəndən sonra, inspektor iştirak edən komandaların, stadion rəhbərliyinin, hüquq – mühafizə orqanlarının və regional nümayəndələrinin iştirakı ilə oyunun təşkili, keçirilməsi, təhlükəsizliyinin və tibb xidmətinin təmin edilməsinə dair xidməti iclas keçirir.

8.6. Oyunun başlanmasına 1 saat qalmış komandaların rəhbərliyi, oyunçuların soyadını, adını, onların nömrələrini göstərməklə oyun protokolunu yazmalı və iştirakçıların biletlərini oyun hakimlərinə təqdim etməlidirlər. Biletlər təqdim edilmədiyi halda, baş hakim inspektorun razılığı olmadan oyuna başlanılmır.

8.7. Oyundan sonra komandaların nümayəndələri və hakim 30 dəqiqə ərzində protokolu doldurmalıdır. Əgər oyunda xəbərdarlıq, oyundan qovulma, zədələnmə stadionda qayda – qanun pozuntusu halları baş veribsə, bu halda protokolda aydınedici qeydlər yazılmalıdır.

8.8. Oyun qurtardıqdan sonra meydançada, soyunub – geyinmə otağında baş vermiş hər hansı xoşagəlməz hadisə oyunun inspektoru və baş hakim tərəfindən yazılı şəkildə NFF – na bildirilməlidir.

8.9. Oyun zamanı hakimin qəararı qətidir. Məşqçi, futbolçu və digər komanda rəhbərliyi tərəfindən dəyişdirilə bilməz. Hakim, futbolçu və məşqçilərə yaraşmayan hərəkətlərə, kobudluğa, azarkeşlərə qarşı hörmətsiz yanaşmalara xüsusilə tələbkar olmalıdır.

8.10. Əgər baş hakim oyuna gələ bilməzsə, yan hakimlərdən biri onu əvəz edə bilər.

8.11. Oyunun inspektoru və hakimlər oyunun idman mübarizəsi şəraitində keçməsi üçün oyun qaydalarına müvafiq olaraq, onlara verilmiş bütün imakn və səlahiyyətlərdən səmərəli istifadə etməlidirlər.

8.12. Oyunun nəticəsi 3 ( üç ) saatdan gec olmayaraq NFF – na bildirilməlidir.

 

                                        IX.Etirazlar     

9.1. Etiraz verən komanda nümayəndəsi oyun qurtardıqdan dərhal sonra hakimi, inspektor və digər komandanın nümayəndəsi xəbərdar etməlidir.

9.2. Etiraz komandanın rəisi və yaxud məşqçisi tərəfindən imzalanmalıdır. Etiraz 24 saat müddətində NFF – na yazılı təqdim olunmalı və qeydiyyata alınmalıdır.

9.3. Etiraz verən komanda etirazın nizam – intizam komissiyasında ( NİK ) baxılması üçün, NFF – nın hesabına 200 ( iki yüz ) manat pul ödəməlidir. Əgər etiraz müsbət həll olunmuş olsa, o zaman məbləğin ( 75% ) komandaya qaytarılır.

9.4. Etiraz aşağıdakı hallarda qəbul edilmir;

a) 11 metrlik cərimə zərbəsinin təyin edilməsi və yaxud olunmaması haqda;

b) Oyundan kənar vəziyyətin qeydə alınması və yaxud alınmaması haqda;

c) Topun qapıya daxil olmasının hesaba alınması və yaxud alınmaması haqda;

9.5. NİK – in qərarı ilə komanda razılaşmadığı halda, apellyasiya komissiyasına şikayət etmək hüququna malikdir. Apellyasiya komissiyasının çıxardığı qərar NİK və komandalar üçün yekun qərardır.

9.6. İstisna hallarda oyun qaydalarının kobud pozulduğu və yaxud hakim  tərəfindən oyunun nəticəsinə ciddi təsir göstərilmə faktları sübuta yetirilmiş olarsa, NİK – nin qərarı və NFF – nın razılığı əsasında oyunun nəticəsi ləğv edilə bilər və komandalar arasında yenidən görüş təşkil edilir.

9.7. Əgər oyun hər iki komandanın iştirakı ilə fəal idman mübarizəsi şəraitində keçmirsə, NİK – nin qərarı və NFF – nın razılığı ilə həmin oyunun nəticəsi ləğv edilir və hər iki komandaya məğlubiyyət verilir.

9.8. Yarışın norma və prinsipləri hər hansı bir komanda tərəfindən kobud sürətdə pozularsa o, zaman NFF – nın qərarı ilə həmin komanda birincilik və digər yarışıardan xaric edilə bilər.

X.Yarış yeri

10.1. Birincilik və kubok yarışlarının oyunları NFF – nın təsdiq etdiyi stadionlarda keçirilir. Futbol meydançalarının qəbulu yarışların başlanmasına 10 – 15 gün qalmış NFF – nin nümayəndələri tərəfindən həyata keçirilir.

10.2. Klub ( komanda ) təmin etməlidir;

a)  Qaydalara uyğun olaraq təyin olumuş ölçülü meydança;

b) Hər bir komandanın oyunçuları üçün soyunub – geyinmə otaqları və oyundan sonra isti su ( duş ) ilə təmin olunması;

c) Hakimlər üçün soyunub – geyinmə otaqları;

ç) Futbolçular, hakimlər üçün çay, su;

d) Həkim və tibbi personalın növbətçiliyi, “ təcili yardım “ maşını, sanitar xərəyi;

e) Meydançadan kənara çıxan topların verilməsi üçün 8 – 10 nəfər yeniyetmə futbolçu;

ə) Futbol topu, bayraqlar, göstəricilər, saniyə ölçən;

f) Polis dəstəsi və digər təhlükəsizlik tədbirləri;

q) Ehtiyat oyunçular üçün oturacaqlar;

ı) Tamaşaçılara məlumat verilməsi üçün radio qovşağı;

XI.Futbolçuların, hakimlərin, inspektor və klub rəhbərliyinin cavabdehliyi

 

11.1. Naxçıvan MR Birincilikləri, Kubok və turnir yarışlarında iştirak edən hakimlər, futbolçular, klub rəhbərliyi yüksək intizam, mütəşəkillik, rəqibə və tamaşaçılara qarşı hörmət nümayiş etdirməli, bu əsasnamənin bütün tələblərinə ciddi riayət etməlidirlər. Hər hansı bir komandanın futbolçuları özlərini intizamsız apardığı halda inspektor və hakim tərəfindən oyun dayandırıla bilər. Komanda rəhbərliyi oyunun hakimi və inspektorunun fəaliyyətinə müdaxilə etmələrinə icazə verilmir. Komanda rəhbərliyi futbolçularının davranışına görə tam cavabdehlik daşıyırlar.

11.2. Oyun hər hansı bir komandanın intizamlığı üzündən dayandırılırsa, həmin komandaya məğlubiyyət verilməsi ilə bərabər cəza və cərimə sanksiyası tətbiq olunur.

11.3. Əgər oyun meydançada qayda – qanun yaradılmamasından və azarkeşlərin davranışı üzündən yarımçıq qalırsa o, zaman meydança sahiblərinə məğlubiyyət verilir və komandanın növbəti oyunu başqa meydançaya keçirilir.

11.4. İntizamsız hərəkətlərə görə futbolçulara aşağıdakı cəza tədbirləri tətbiq olunur;

a) Qarşılıqlı savaşma və digər xuliqanlıq hərəkətləri; 2 oyundan 5 oyunadək;

b) Hakimləri təhqir etmək və onlara fiziki təzyiq göstərmək; 5 oyundan 10 oyunadək;

c)  Sistematik olaraq qərarları əleyhinə çıxmaq; Hakimə atmaca atmaq və yaxud tamaşaçılara qarşı əl – qol hərəkələri göstərmək; 3 oyundan 5 oyunadək;

ç) Rəqibə və öz oyuncusuna qarşı kobudluq, təhqir etmək; 5 oyunadək;

d) Bilərəkdən rəqibə qarşı kobud oynamaq; 5 oyunadək ; Əgər rəqibə ciddi zərər yetirərsə - 10 oyunadək;

e) Bilərəkdən oyunun yubadılması, 9 metrlik cərimə zərbəsinə maneə yaratmaq və s. 3 oyunadək;

ı) Oyunda iştirak etməyən ( komanda üzvləri ) lakin hakimlərə qarşı kobudluq, təhqir, təzyiq və s. etmək; 10 oyunadək;

11.5. NFF – nin rəsmi şəxslərinə və əməkdaşlarına qarşı

Əgər futbolçu və yaxud komandanın rəsmi şəxsi tərəfindən intizamsız davranışlara yol verilərsə, ( təhqir, fiziki təzyiq ) NİK – nin qərarına əsasən həmin şəxslərə 6 aydan 24 ayadək futbol fəaliyyəti ilə məşqul olmağa qadağa qoyula bilər.

11.6. Çempionat, Kubok və Turnir yarışlarında alınmış sarı və qırmızı vərəqələr üst – üstə qeydə alınır.

Əgər futbolçu üç sarı vərəqə alırsa, ona cərimə sanksiyası tətbiq olunur. Sonralar aldığı hər üçüncü vərəqə üçün bir oyunda iştirak etmir və cərimənin iki misli tətbiq edilir.

11.7. Bütün hallarda iş NİK – də baxılır.

Əlavə: Əgər birinciliyin qurtarması ilə əlaqədar futbolçu öz cəzasını çəkmirsə o, zaman cəzanın qalan hissəsi növbəti futbol mövsümünə keçirilir.

 

XII.Qəbul şərtləri və xərclərin ödənilməsi

12.1. Naxçıvan MR Çempionatı, Kubok, Turnir və Birincilik yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, xırclərin ödənilməsi qaydası, müəyyənləşdirilib, Çempionat və Kubok yarışlarında iştirak edən hər bir klub ( komanda ) Naxçıvan MR Futbol Federasiyasının hesabına 300 ( Üç yüz ) manat üzvülük haqqı ödməlidir.

12.2. Birincilik, Kubok və Turnir oyunlarında hakimlik və inspeksiya üçün ezamiyyət xərcləri ( kommunal, gündəlik nəqliyyat, əmək haqqı ) NFF tərəfindən ödənilir.

12.3. Komandaların ezamiyyə xərcləri aşağıdakı qayda da ödənilir: Nəqliyyat xırci – NFF hesabına

12.4. Oyunların başlanma vaxtını NFF təyin edir. Oyunların başlanma vaxtının dəyişdirilməsi oyuna ən azı 3 ( üç )gün qalmış NFF – na bildirilməlidir.

 

 

 

                           QEYD:      Çempionat turnir, kubok və birincilik

                                              yarışlarında hər hansı bir anlaşılmamazlıq

                                              olarsa, o zaman AFFA – nın cari mövsümü

                                              üçün tərtib olunmuş Əsasnaməsi və nizam

                                      intizam qaydalarına müraciət olunacaqdır.

  

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası.

 

 

 

Naxçıvan Muxtar Respublikası Futbol Çempionatı Kubok, turnir və birincilik yarışlarının 2015-2016-cı il Əsasnaməsində dəyişiklik haqqında

 

Маddə 4.     bənd 2.

 

 

Mövcud mətn

Yeni mətn

Коmandaların heyyətində 28-30 yaşlı (üç) 3 futbolçunun iştirak etməsinə icazə verilir. Heyyətdə 17-18 yaşlı (iki) 2 futbolçunun oynaması zəruridir. Onları oyun zamanı həmin yaşda olan futbolçular əvəz edə bilərlər.

Коmandaların heyyətində 28-30 yaşlı (üç) 3 futbolçunun iştirak etməsinə icazə verilir. Onlardan bir nəfərinə yaş məhdudiyyəti tətbiq edlmir. Heyyətdə 17-18 yaşlı (iki) 2 futbolçunun oynaması zəruridir. Onları oyun zamanı həmin yaşda olan futbolçular əvəz edə bilərlər.